Bakı. Trend:
Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, İslam Hadıyevin ömrlük azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili ona verilən ittihamlardan bəzilərinə xitam verilməsini və 181-ci maddənin oğurluq maddəsinə tövsif olunmasını xahiş edib.
İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "Mən 20 ilə də razıyam, amma sizdən xahiş edirəm mənə ömürlük cəza verməyin".
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, İosif Tkaç Zusyeviç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.