Bakı. Trend:
Mayın 2-də vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var",- deyə əlavə edilib.