Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.
Digər obyektlər yanğından mühafizə olunub.