Bakı.Trend:
Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin skuter sürücülərinə müraciətində bildirilib.
Qeyd edilib ki, skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və
qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz
hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol
hərəkətinə qoşulması.
"Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.
Bir daha xatırladırıq:
Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.
Unutmayaq: Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər!", - qurumdan vurğulanıb.