Bakı.Trend:
2 mart 2024-cü il tarixdə tanışını bıçaqla zədələyərək xəsarət yetirən şəxsin işinə yenidən baxılıb.
Trend xəbər verir ki, hadisə tanışların içki qəbul etdikdən sonra aralarında yaranan mübahisə səbəbilə baş verib.
Belə ki, hadisə baş verən zaman onlar 4 nəfər olublar. Onlar spirtli içki qəbul etdikdən sonra kafedən ayrılan zaman 2 nəfər öndə, 2 nəfər isə arxada gedib. Söhbət zamanı onlardan biri söz açaraq bildirib ki, onların məhəlləsində müğənnilər gəlib çox yaxşı pulsuz konsert verirlər. Digəri əvvəllər icra nümayəndəsi işlədiyi üçün deyib ki, pulsuz heç bir müğənni konsert vermir, sadəcə bütün müğənnilərin sponsorları var və belə tədbirləri sponsorlar təşkil edir. Bu sözdən sonra təqsirləndirilən şəxs heç bir səbəb olmadan qalxıb və ona 1 sillə vurub. Daha sonra onları ayırmağa çalışan şəxslərdən biri təqsirləndirilən şəxsin əlindəki bıçaqla yaralanaraq xəstəxanaya yerləşdirilib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaralanan şəxslə heç bir ədavəti olmayıb. Zərərçəkən o və digər şəxsin mübahisə etdiyini görüb və araya girmək istəyən zaman istəmədən ona xəsarət yetirib. Şəxsə əvvəlcə 3 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Daha sonra isə təqsirləndirilən şəxs barədə dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 131 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məcəllənin 126.2.4-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası, 221.3-cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla təqsirləndirilən şəxs qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.