Bakı. Trend:
Bakıda ər sosial karta görə arvadını döydü
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Təqsirləndirilən şəxs izahatında bildirib ki, o və arvadı(zərərçəkmiş) hərəsi 60 manat çörəkpulu alırlar.
Arvadı özünün həmin kartını anasına verib və pulları anası çıxarıb. Lakin, son zamanlar ikinci övladının dünyaya gəlməsinə görə maddi cəhətdən pula ehtiyacları olub. Bu barədə təqsirləndirilən şəxs arvadına deyib ki, imkan varsa, kartı anasından alsın, ailələrinin dolanışığı üçün istifadə etsinlər. Sonuncu dəfə yaşadıqları evdə olan zaman yemək yeyib, zərərçəkmiş isə anası ilə telefonla danışıb. Arvadına bir daha kartı anasından götürməsini xahiş edib. Arvadı isə onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlayıb, qayınnanası da onu söyüb. O əsəbləşib bir dəfə sillə ilə arvadının sifətinə vurubki, söyüşlərini dayandırsın.
Arvadı həyətə qaçıb, bir qədər sonra evdə olan zaman polislər gəlib və məlum olub ki, zərərçəkmiş polisə şikayət edib. Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olduğunu, nəzərə alınmağını xahiş edib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
