Bakı. Trend:
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Qeyd edək ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Onlar Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum ediliblər. Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Onların həbs müddəti bu gün başa çatıb.