...

İlkin qənaətə görə, tankerdə baş vermiş partlayışa səbəb fəhlələrin gəmidə apardıqları qaynaq işləri olub

Hadisə Materials 18 Dekabr 2006 19:13 (UTC +04:00)

Dekabrın 18-də "Şəmkir" tankerində baş vermiş partlayışa səbəb fəhlələrin gəmidə apardıqları qaynaq işləri olub. Bu barədə Trend ə Səbail rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib.

1972-ci ildə istismara verilmiş tanker üç gündür ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Xəzər Dəniz Gəmiçiliyi Zavodunda təmirə dayanıbmış. Adı açıqlanmayan fəhlənin ölümünə baş vermiş güclü partlayışın dalğası səbəb olub. Belə ki, dalğa fəhləni bir qədər aralıdakı naməlum yerə çırpıb və o, başından zərbə alaraq dünyasını dəyişib.

İş Səbail rayon Prokurorluğunun müstəntiqi Müseyib Hacıyevin icraatındadır. M.Hacıyevin bildirdiyinə görə, hadisə nəticəsində Elşən Musayev, Qənimət İbrahimov, Adil Fərzəliyev , Kamil Ələsgərov və Musa Məmmədbəyov yaralanıb, onlardan 3-ü 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına, 2-si isə 5 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Faktla əlaqədar yaradılmış istintaq qrupu hadisə yerində işləyir. Hadisə baş verən ərazi strateji obyekt olduğu üçün kütləvi informasiya vasitələri əraziyə buraxılmır.

Xəbər lenti

Xəbər lenti