Bakı. Trend:
Elm adamları ilk dəfə olaraq insan beyin toxumasında mikroplastiklərin olduğunu müəyyən ediblər.
Trend-in CNN-ə istinadla verdiyi məlumata görə, bu kəşf plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Tədqiqatın müəlliflərinin bildirdiyinə görə, onlarla insanın beyin toxuması nümunələrində plastik hissəciklər tapılıb. Hər bir nümunədə aşkarlanan mikroplastik miqdarı bir çay qaşığını doldurmağa kifayət edəcək qədərdir.
Mikroplastiklər – ölçüsü 5 mm-dən kiçik plastik hissəciklər – daha əvvəl hava, su və qidada müəyyən edilsə də, onların beyində mövcudluğu alimlər üçün gözlənilməz olub. Tədqiqatçılar mikroplastiklərin tənəffüs yolları və ya mədə-bağırsaq sistemi vasitəsilə orqanizmə daxil olaraq qan dövranı ilə beyinə çata biləcəyini bildirirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mikroplastiklərin beyinə uzunmüddətli təsirləri hələ tam öyrənilməyib. “Biz bu hissəciklərin idrak funksiyalarına, neyrodegenerativ xəstəliklərin inkişaf riskinə və ümumi sağlamlığa necə təsir etdiyini hələ bilmirik,” – deyə tədqiqatçılardan biri qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər də plastik çirklənmənin sağlamlığa təsirlərini araşdırmağa çağırıb. Yeni araşdırma plastikdən istifadəni azaltmaq və ekosistemləri qorumaq üçün təcili tədbirlərin görülməsi ilə bağlı narahatlıqları daha da gücləndirib.
