...

Qarabağ Azadlıq Təşkilatı ermənilərin Bakıya gəlişi ilə bağlı növbəti dəfə etiraz aksiyalarına hazırlaşır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin Bakıya gəlişi ilə əlaqədar növbəti dəfə etiraz aksiyalarına hazırlaşır. Bu barədə cümə axşamı Trend ə QAT sədri Akif Nağı məlumat verib.

Sentyabrın 15-də Bakıda güləş üzrə dünya çempionatı başlayacaq. Beynəlxalq turnirdə Ermənistan idmançıları da iştirak edəcək və Azərbaycan onların təhlükəsizliyinə təminat verir.

QAT hesab edir ki, ümumiyyətlə, işğalçı, terrorçu ölkə beynəlxalq miqyaslı tədbirlərə buraxılmamalıdır. Çünki dünyada qəbul olunmuş normalar bunu tələb edir. QAT sədrinin fikrincə, ermənilərin Azərbaycana rahat şəkildə gəlişi isə artıq Ermənistanın təcavüz etdiyi ölkəyə meydan oxuması deməkdir.

"Ona görə də biz ermənilərin Bakıya gəlişinə etirazımızı bildirmək üçün sentyabrın 15-dən başlayaraq gün ərzində hava limanında təyyarələri müşahidə edəcəyik. Ermənilər gəlsələr, şəhərin müxtəlif yerlərində etiraz aksiyaları keçirəcəyik və çalışacağıq bu dəfə polislər bizə mane olmasın" - deyə QAT sədri bildirib.

QAT-ın ermənilərin gəlişini etirazla qarşılamaması üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da Akif Nağı ilə görüş keçirib, beynəlxalq çempionatın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Lakin QAT sədri öz mövqeyində israrlı olduğunu və ermənilərin Bakıya səfərinin Azərbaycanın milli maraqlarına zidd olduğunu deyib.

Xatırladaq ki, MDB daxili işlər nazirlərinin ötən həftə Bakıda keçirilən toplantısında da Ermənistan nümayəndələri iştirak etmişdi və buna etiraz olaraq QAT fəalları aksiyalar keçirməyə hazırlaşırdı. Lakin polislər QAT-çıların etiraz aksiyası təşkil etməsinə imkan vermədilər.

Ermənistan 1992-ci ildən Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və həmin əraziləri bu günədək də işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub, indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünlərini, gənclərini, keçmiş döyüşçülərini və ehtiyatda olan zabitlərini birləşdirir.

Xəbər lenti

Xəbər lenti