...

Azərbaycan Ermənistanı yerli və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təbliğat aparmaqda ittiham edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2007 15:32 (UTC +04:00)
Azərbaycan Ermənistanı yerli və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təbliğat aparmaqda ittiham edir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Ermənistan hökumətini yerli və beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının mahiyyəti ilə bağlı çaşdırmağa cəhd edərək, danışıqlar haqda yanlış təsəvvür yaratmaq məqsədilə təbliğat aparmaqda ittiham edir. "ATƏT-in Nazirlər Şurasının Madriddə keçirilən toplantısından sonra Ermənistan hökumətinin rəsmiləri sülh danışıqları haqda yanlış təsəvvür yaratmaq məqsədilə fəal şəkildə təbliğat aparmağa başlayıblar. Biz tam inanırıq ki, Ermənistan rəsmilərinin təbliğatı hökumətin əsl niyyətləri haqqında növbəti həyəcan siqnalı olacaq", deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

İbrahim qeyd edib ki, bu, Ermənistan əhalisini çaşqın salmaq üçün seçkiqabağı təşvişin açıq əlaməti olsa da, anlaşılmazlıqlardan yan keçmək üçün aydın cavab və açıqlama tələb edir.

"Danışıqlar Azərbaycanın bütün işğal olunmuş əraziləri üzərində öz ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını və Ermənistan dövləti tərəfindən etnik təmizləməyə məruz qalmış köçkün əhalinin öz torpaqlarına, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasını aydın əks etdirən mövqe üzərində qurulub. Azərbaycan öz ərazi bütövlüyünü müzakirə etmir və heç zaman etməyəcək", XİN sözçüsü əlavə edib.

O qeyd edib ki, eyni zamanda, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları axtarmaqla hər zaman öz xoş niyyətini nümayiş etdirib: "Biz inanmırıq ki, diplomatik yollar tükənib".

İbrahim vurğulayıb ki, Ermənistan, əksinə olaraq, davam edən hərbi təcavüzü ilə dəyişməyən zor tətbiqi siyasətini nümayiş etdirir: "BMT Əsasnaməsinin 51-ci maddəsinin silahlı təcavüz baş verən zaman özünümüdafiəyə tam haqqverməsinə baxmayaraq, ziddiyyətli bir vəziyyət yaranıb ki, təcavüzkar dövlət olan Ermənistanın ÜDM-ində hərbi xərclərin faizi təcavüzün qurbanı Azərbaycanla müqayisədə daha yüksəkdir: 4,3% 3,8% qarşı. Bundan başqa, Ermənistan Dağlıq Qarabağdakı separatçıları tam hərbiləşdirib".

Xəbər lenti

Xəbər lenti