...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantını istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2008 14:48 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantını istisna etmir

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir S.İlhamqızı/Ermənistan beynəlxalq birliyin tövsiyələrini yerinə yetirərək işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməsə, Azərbaycan özünün hərbi gücündən istifadə etməyə məcbur qalacaq. Trend in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı katibi Əli Əhmədov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

YAP funksioneri qeyd edib ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması daha yaxşı variantdır, lakin sülh danışıqları nəticə verməsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün istənilən vasitəyə əl atmaq hüququna malikdir. Əhmədov əlavə edib ki, heç bir beynəlxalq təşkilat Azərbaycan xalqının bu hüququna qarşı çıxa bilməz və bu haqqı əlindən ala bilməz.

"Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Amma dinc vasitələrlə nizamlanma mümkün olmasa, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün yeganə yola əl atmalı olacaq"-deyə hakim partiya funksioneri bildirib.

O qeyd edib ki, Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsini dünya birliyi bilir, Ermənistan da bunu başa düşməlidir. Əhmədovun fikrincə, hər bir gün Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət edir, zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan həmçinin Azərbaycanın hərbi qüdrətinin artması faktını da nəzərə almalıdır.

Əhmədov əlavə edib ki, benyəlxalq təşkilat isə yalnız bəyanatlar verməklə kifayətlənməməli, regionda sabitliyin pozulmasını, münaqişənin alovlanmasını arzulamırsa, Ermənistanı işğalçılıqdan əl çəkməyə məcbur edə biləcək addımlar atmalıdır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti