...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid edir - Dövlət katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2009 12:33 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid edir - Dövlət katibinin köməkçisi

ABŞ, Vaşinqton, 06 iyul / Trend , N.Boqdanova /

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsində irəliləyişlərə ümid edir, bu barədə Trend -a ABŞ Dövlət katibinin köməkçisi Filip Qordon bildirib.

"Yaxın bir neçə gün ərzində Minsk Qrupunun həmsədrləri regiona gələcəklər və biz Əliyev və Sarkisyanın növbəti görüşünün nəticələrini gözləyirik. Ümid edirəm ki, yaxın zamanlarda irəliləyiş əldə edəcəyik, bu bizim üçün çox vacibdir", - deyə Qordon bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri cümə axşamı, iyulun 9-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlanması məqsədilə Bakıda səfərdə olacaqlar. 

Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqları iyulun ortalarında Moskvada Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda at yarışları çərçivəsində  keçirmək niyyətindədirlər.

İki ölkə başçısının Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən beşinci görüşü  iyunun 4-də Sankt-Peterburqda baş tutub. Əvvəlki görüş isə mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən il iyunda Sankt-Peterburqda, ikinci görüş 2008-ci il noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə bu il yanvar ayının 28-də Sürixdə baş tutub.

Qordonun sözlərinə əsasən, ABŞ bu məsələdə tərəflərə bütün vasitələrlə kömək etməyə hazırdır. 

O, hesab edir ki, bu problemin həll edilməsi tarixini dəqiq müəyyənləşdirmək mümkün deyil, lakin son zamanlar müəyyən irəliləyişlər əldə olunub.

Qordonun sözlərinə əsasən, ABŞ bu məsələnin həllində çox maraqlıdır.

"Bu münaqişənin nizamlanması üçün vacib olan əsas prinsiplər üzrə təməl razılaşmalar mövcuddur və biz hesab edirik ki, münaqişə həll olunduğu təqdirdə bütün tərəflər qələbə qazanacaq", - deyə o bildirib.

Qordon hesab edir ki, "tərəflər arasında hər bir əlaqə və dialoq müsbət trenddir".

Xəbər lenti

Xəbər lenti