...

Əraqçi və Quterreş regiondakı hərbi eskalasiyanı müzakirə edib

Dünya xəbərləri Materials 17 Mart 2026 14:41 (UTC +04:00)
Əraqçi və Quterreş regiondakı hərbi eskalasiyanı müzakirə edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Əraqçi və BMT baş katibi Antonio Quterreş regiondakı hərbi eskalasiyanı müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, BMT baş katibi ilə baş tutan telefon söhbətində İran xarici işlər naziri beynəlxalq ictimaiyyətin ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində region və Hörmüz boğazı ilə əlaqədar yaranan təhlükəsizlik vəziyyətinə diqqət yetirməsini istəyib.

Əraqçi bildirib ki, Hörmüz boğazında yaranan vəziyyəti regionun bütün vəziyyətini nəzərə almadan diqqət mərkəzində saxlamaq olmaz. Çünki Hörmüz boğazından gəmilərin keçidindəki problem ABŞ və İsrailin İrana hücumları nəticəsində yaranıb.

Telefon söhbətində BMT baş katibi Antonio Quterreş Fars körfəzi, Qərbi Asiya və dənizçiliyin təhlükəsizliyi ilə əlaqədar öz mövqeyini bəyan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti