Xaçmaz rayonunda Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbir Xudat–Nabran avtomobil yolunun kənarını əhatə edib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Ekoloji tədbir çərçivəsində avtomobil yolunun kənarına 1000 ədəd şam ağacı əkilib. Əkilən ağaclar yerli iqlim şəraitinə uyğun olmaqla rayonun ekoloji balansının yaxşılaşdırılmasına, havanın təmizlənməsinə və yaşıllıq zonalarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əkilən ağaclara vaxtında aqrotexniki qulluq göstərilməsi üçün cavabdeh şəxslərə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz rayonunda yaşıllaşdırma aksiyaları il ərzində davam etdiriləcək.