Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev/
Türkiyə ermənilərin Xocalıda törətdikləri qətliamı pisləyir və bölgədə barışıq olmasını istəyir. Trend -un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə səfir Hulusi Kılıç bildirib.
"1914-cü ildən başlayaraq ermənilərin "soyqırım" iddiası var. Həmin dövrdə bir çox xalqlar Osmanlı türkləri ilə birgə rahat yaşadığı halda, necə olur ki, yalnız ermənilərə qarşı "soyqırım" həyata keçirilir?" - Kılıç əlavə edib.
"Xocalı soyqırımı səbəb deyil, nəticədir", - tarixçi alim Nəsiman Yaqublu tədbirdə bildirib.
Onun sözlərinə görə, 26 fevral Xocalıda törədilənlər erməni işğalçılarının iki əsr ərzində apardığı siyasətin nəticəsidir.
Xocalı faciəsinin şahidlərindən olan alim tarixi faktları göstərməklə ermənilərin Qafqaza gəlişi barədə danışıb. "Nə XVIII əsr, nə də XIX əsr xəritələrində Qafqazda erməni toponiminə aid olan bir dənə də olsun yaşayış məntəqəsi qeyd olunmayıb", - Yaqublu bildirib.
"1978-ci ildə Sovet İttifaqı tərkibində təntənəli surətdə ermənilərin Qafqaza gəlmələrinin 150 illiyi qeyd olunub və abidə ucaldılıb, lakin sonradan bu faktı danmaq üçün onlar abidəni məhv ediblər", - tarixçi deyib.
Xocalı faciəsi haqqında işıq üzü görən ilk kitab - "Xocalı qırğını"nın müəllifi olan Yaqublu sənədləri nümayiş etdirərək, Xocalıda öldürülənlərin qoca və uşaq olduğunu erməni vəhşiliyinin sübutu kimi göstərib.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.