...

Ermənistan Prezidentinin irqçilik ideologiyalarına dair çıxışı ilə bağlı BMT-nin baş katibinə məktub ünvanlanıb - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2010 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistan Prezidenti Serj Sarkisyanın ölkə diasporunun jurnalistləri ilə oktyabr 16-da keçirdiyi görüşdə açıq-aşkar irqçilik ideologiyalarını və dini qərəzliliyi qeyd etməsi nəzərə alınaraq, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən BMT-nin baş katibinə məktub ünvanlanıb.

Məktubda Ermənistan Prezidentinin öz çıxışında genetik tədqiqatlar nəticəsində Ermənistanın 8000 ilə yaxın bir müddətdə mövcud olduğunu qeyd etməsi vurğulanıb. Ermənistan Prezidentinin bu sözləri ölkəsinin yanlış tarixi faktlar üzərində qurulmasından başqa, ermənilərin özlərini digər xalqlardan, o cümlədən "türk-müsəlman köçəri tayfa" adlandırdıqları azərbaycanlılar da daxil olaraq, üstün gördükləri fikrini ifadə edib. Məlumatı cümə günü XİN-in mətbuat xidməti yayıb.

Məktubda qeyd olunub ki, Ermənistan Prezidentinin keçmişdə dünyanın belə "genetik tədqiqatların" qorxulu nəticələrindən nə qədər əziyyət çəkdiyini unutması təəssüratı yaranır.

"Lakin ilk dəfə deyil ki, Ermənistanın yüksək vəzifəli nümayəndələri beynəlxalq hüquq və bəşəriyyətin etik prinsiplərinə zidd olan etnik təbəqələşmə ideologiyasını təbliğ edən bəyanatlarla çıxış edirlər. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın "ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə bəyanatı beynəlxalq ictimaiyyət tərəfindən haqlı qəzəbə səbəb olmuşdu. Bununla əlaqədar Avropa Şurasının baş katibi Volter Şvimmer Koçaryanın iradını müharibəyə təhrikçiliklə eyni, düşmənçilik və nifrət ritorikasının təzahürü kimi qiymətləndirmiş, Avropa Şurası Parlament Asambleyasının fəxri prezidenti Piter Şider isə Avropa Şurası yaranandan "etnik uyğunsuzluq" termini ilə üzləşmədiyini bəyan etmişdi", - məktubda bildirilib.

Sənəddə vurğulanıb ki, Serj Sarkisyanın çıxışında yer tapmış ifadələr, Ermənistanın dövlət siyasətində əsas yerin irqi üstünlük və nifrət ideologiyasının tutduğunun danılmaz sübutudur.

"Azərbaycan inanır ki, Cənubi Qafqazda üzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin olması üçün beynəlxalq ictimaiyyət birgə səyləri ilə Ermənistanı irqi və dini motivləri üzərində qurulmuş siyasətini dayandırmağa, Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoymağa, qonşu xalqlara etdiyi ərazi iddialarından əl çəkməyə və regiondakı bütün ölkələrlə sivil əlaqələr yaratmağa inandırmalıdır", - məktubda qeyd olunub.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən BMT baş katibinə ünvanlanmış bu məktub rəsmi sənəd kimi təşkilat üzvləri arasında yayımlanıb.

Xəbər lenti

Xəbər lenti