...

ABŞ gələcəkdə həll olunmamış ərazi münaqişələrinə az diqqət yetirəcək – Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2010 10:59 (UTC +04:00)
Ümidlərə baxmayaraq, Ermənistanın Azərbaycanın işğal edilmiş iki rayonunu belə, azad etməməsi ATƏT-in Astana sammitinin böyük ümidsizliyi oldu. "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen belə hesab edir.
ABŞ gələcəkdə həll olunmamış ərazi münaqişələrinə az diqqət yetirəcək – Ariel Koen

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Ümidlərə baxmayaraq, Ermənistanın Azərbaycanın işğal edilmiş iki rayonunu belə, azad etməməsi ATƏT-in Astana sammitinin böyük ümidsizliyi oldu. "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen belə hesab edir.

"Sammit ATƏT-in sülhün və təhlükəsizliyin dəstəklənməsi üzrə təşkilat kimi imkanlarının sərhədini nümayiş etdirdi, çünki səslərin əksəriyyəti ilə yox, konsesus qərarların qəbul edilməsi prinsipi ilə işləyən təşkilat məhdud resurslara malikdir", - Koen 2010-cu ilə yekun vuraraq bildirib.

Son 11 il ərzində keçirilməyən ATƏT sammiti dekabrın 1-2-də Astanada Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində keçirilib. Görüşdə bütün üzv ölkələrin dövlət və hökumət başçıları bir araya gəliblər.

Sammit zamanı münaqişə tərəfləri olan ölkələr - Azərbaycan və Ermənistanın prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərlərinin birgə bəyannaməsi qəbul olunub. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə bəyannamə Dağlıq Qarabağ probleminin tezliklə həllinə çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Koenin sözlərinə görə, təəssüf ki, münaqişədə iştirak edən hər iki ölkənin rəhbərləri Astana sammitindən ərazi mübahisəsinin dinc yolla nizamlanmasına cəhd və irəliləyiş olmadan qarşılıqlı ittihamlar meydanı kimi istifadə etdilər.

"Təəssüf edirəm ki, 2011-ci il üzrə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnoz pisdir. Münaqişə çətin ki, irəliləyiş perspektivinə malik olsun, xüsusən ona görə ki, tərəflər ATƏT sammiti kimi gözəl imkanı əldən buraxdılar", - Koen telefonla Minskdən bildirib.

Onun sözlərinə görə, ABŞ 2011-ci ildə qarşıdan gələn 2012-ci ildəki prezident seçkilərinə doğru finişə çıxacaq. Bundan əlavə, ekspert hesab edir ki, 2011-ci il dönüş ili, hətta Əfqanıstandakı koalisiya qüvvələri üçün böhranlı il olacaq.

"Bu, o deməkdir ki, ABŞ-ın başqa prioritetləri olacaq və Vaşinqton dövlət katibi Hillari Klintonun bu yaxınlarda dediyi kimi, hətta Yaxın Şərq kimi mühüm münaqişəyə indikindən daha az diqqət ayıracaq", - Koen güman edir.

Rusiyanın vasitəçilik missiyasına gəldikdə isə, ekspert hesab edir ki, burada heç də hər şey birmənalı deyil.

Koenin sözlərinə görə, Prezident Dmitri Medvedev tərəfindən bu münaqişənin həllinə cəhd üçün artıq böyük səy göstərilib və vaxt ayrılıb.

Aydındır ki, Azərbaycan irəliləyişin əldə olunması üçün ciddi güzəştlərə hazırdır və Prezident Medvedev prosesin ləngidilməsinin və ona mane olmaq cəhdlərinin kimdən gəldiyini anlayır.

"Digər tərəfdən, Azərbaycanın münaqişənin həllinə hazırlığı Ermənistanla Rusiyanın tarixi əlaqələrini sarsıda bilməz. Ermənistanın gələcəkdə ABŞ tərəfə istiqamətini ciddi dəyişməsindən başqa, yeri gəlmişkən, bu gələcəkdə mümkün ola bilər, heç nə bu qüvvələr düzülüşünü dəyişə bilməz", - Koen deyib.

Xəbər lenti

Xəbər lenti