...

Avropa Parlamentinin deputatı coğrafi savadsızlığını aradan qaldırmalıdır – azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2010 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən Avropa Parlamentinin deputatı coğrafi savadsızlığını aradan qaldırmalıdır. Azərbaycan politoloqu Fikrət Sadıxov bu qənaətdədir.

"Mən tam əminəm ki, belə nüfuzlu orqanın deputatlarının coğrafiya üzrə savadı olmalıdır, onlar yəqin ki çox yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir", - çərşənbə günü Trend-in Ekspert Şurasının üzvü Sadıxov bildirib.

Ermənistan KİV-i məlumat verib ki, Avropa parlamentarisi, Ermənistan üzrə əsas məruzəçi Tomaş Poreba bazar günündən etibarən Dağlıq Qarabağda səfərdədir. O, orada tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirir və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edir.

"Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa Parlamenti səviyyəsində də qəbul edilən çoxsaylı qətnamələr var, təxminən 20 il ərzində Dağlıq Qarabağın statusunun həlli üzrə danışıqlar aparılır və qəfildən Avropa Parlamentinin deputatı rəsmi Bakını saymayaraq, Dağlıq Qarabağa səfər edir", - Sadıxov bildirib.

Azərbaycan politoloqu Avropa Parlamenti deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfərini Azərbaycana qarşı tam saymamazlıq və maraqlarına hörmətsizlik kimi qiymətləndirir.

Sadıxovun fikrincə, bu, ümumiyyətlə Azərbaycan ərazisində başa verənlərə biganəliyin əlamətidir.

"Mən əminəm ki, bu deputat başa düşməli və bilməlidir ki, bu səfərin nəticələri necə ola bilər. Və təbii olaraq bu onunla bitdi ki, Azərbaycan tam əsaslı şəkildə etiraz notası təqdim etdi, XİN-ə Polşanın səfirini və Avropa Komissiyasının Bakıdakı nümayəndəsini dəvət etdi", - politoloq qeyd edib.

Çərşənbə axşamı bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşa səfiri Mixal Labendaya etiraz notasını təqdim edib.

Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və Tomaş Porebanın respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.

"Avropa İttifaqı institutları, eyni zamanda Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib", - Azərbaycan XİN-in çərşənbə axşamı yaydığı məlumatda deyilib.

Sadıxovun fikrincə, son nəticədə deputat özünün düşünülməmiş hərəkətini inandırıcı şəkildə izah edə bilməsə, yəqin ki, o, "persona-non-qrata" hesab olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Avropa Parlamentinin deputatı Tomaş Porebanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri şəxsi xaraketr daşıyır və buna görə Avropa İttifaqının qanunvericilik orqanı məsuliyyət daşımır", - Trend-ə çərşənbə günü Aİ-dəki diplomatik mənbə deyib.

"Avropa Parlamenti üzvlərinin özlərinin məsuliyyət daşıdıqları şəxsi təşəbbüsləri ilə mandatın verildiyi və Avropa Parlamentinin məsuliyyət daşıdığı Parlamentin nümayəndə heyətinin rəsmi səfərləri arasında böyük fərq var", - mənbə bildirib.

Onun sözlərinə görə, deputat Porebanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri onun şəxsi təşəbbüsü ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti