...

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2011 12:44 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar. Bu barədə şənbə günü Trend-ə ATƏT-in mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar. Bu barədə şənbə günü Trend-ə ATƏT-in mətbuat xidmətindən məlumat verilib.

"Həmsədrlərin səfərində məqsəd Soçi görüşündə əldə olunan müsbət impulsa əsaslanaraq baza prinsipləri əsasında müzakirələrin davam etdirilməsidir", - mətbuat xidmətindən deyiblər.

Həmçinin, bütün tərəflərin iştirakı ilə atəşkəs rejiminin pozulmasının araşdırılmasına dair Soçidə götürülən öhdəliklərin yerinə yetirilməsi üzrə konkret təkliflər də müzakirə olunacaq.

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanat qəbul ediblər.

Sənəddə deyildiyi kimi, liderlər 2010-cu il oktyabrın 27-də qəbul etdikləri bəyannamənin praktikada reallaşdırılması məsələlərini nəzərdən keçiriblər. Eləcə də prezidentlər ən qısa müddətdə hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılması barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələlərin dinc yolla həll edilməsi və ATƏT Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə atəşkəs xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə mümkün insidentlərin araşdırılmasına" cəhd qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti