Azərbaycan, Bakı, 27 may /Trend/
Rusiya əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına şanslar heç vaxt indiki kimi yüksək olmayıb. Bu barədə RF XİN rəhbərinin müavini Sergey Ryabkov dünən Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabaq münaqişəsi nə dair qəbul etdikləri bəyanatı şərh edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.
"Əgər "səkkizliyin" bütün son sammitlərinin bu problemlə bağlı qəbul etdiyi qətnamələri müqayisə etsək, onda birmənalı nəticə çıxartmaq mümkündür ki, bu gün dinc nizamlanmaya şanslar əvvəllər olduğundan daha çoxdur", - Ryabkov deyib.
"Biz artıq yeni münaqişənin astanasında deyilik, nizamlanmaya isə əhəmiyyətli dərəcədə yaxınıq", -
o əlavə edib.
Onun sözlərinə görə, "əlaqələndirilmiş böyük iş görülüb və indi irəliləyiş və güzəştlər üçün şans var".
Cümə axşamı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentləri Fransanın Dovil şəhərində "Böyük səkkizliyin" sammitində münaqişə üzrə birgə bəyannamə qəbul ediblər.
Rusiya, ABŞ və Fransa prezidentləri Mevedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] işi başa çatdırmağa çağırıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.