...

Ziyafət Əsgərov: Ermənistanın Azərbaycana təcavüzü Avropaya inteqrasiya yolunda ən böyük maneələrdən biridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 14:07 (UTC +04:00)
Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri bütövlükdə Cənubi Qafqaz bölgəsinin inkişafı, Avropaya inteqrasiyası yolunda ən böyük maneələrdən biridir.
Ziyafət Əsgərov: Ermənistanın Azərbaycana təcavüzü Avropaya inteqrasiya yolunda ən böyük maneələrdən biridir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri bütövlükdə Cənubi Qafqaz bölgəsinin inkişafı, Avropaya inteqrasiyası yolunda ən böyük maneələrdən biridir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

"Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası müvafiq sənədlər qəbul edərək işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb edib. Bu sənədlərin icrası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, dövlət suverenliyinin bütün respublika ərazisində bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün yaranmasına və hər iki dövlətin xalqlarının normal qonşuluq münasibətlərini bərpa etməyə imkan verərdi", - Əsgərov bildirib.

Birinci vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ münaqisəninin həlli məsələsində Azərbaycanın mövqeyi tamamilə ədalətli olub, hamılıqla qəbul edilmiş beynəlxalq normalara və prinsiplərə əsaslanıb.

"Təəssüf ki, beynəlxalq təşkilatların müvafiq qərarları indiyədək həyata keçirilməyib. Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmayıb. Vəziyyətin bu cür davam etməsinin nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur. Ermənistanın sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, ordusunu ən müasir hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini yaradır. Biz beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə dəstək verməyə çağırırıq. Ümid edirik ki, birgə səylərimizlə münaqişəsinin nizamlanmasına nail olacağıq", - Əsgərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti