...

Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2011 13:04 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.Javoronkova/

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, heç kim Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli barədə ciddi danışmır.

"Hesab edirəm ki, münaqişənin nizamlanması üçün güc tətbiq edilməsinin mümkünlüyü barədə bəyanatlar əvvəlkinə nisbətən indi daha az-az səslənir. Düşünürəm ki, bu, müsbət tendensiyadır", - Brayza deyib.

Səfirin sözlərinə görə, onun ölkədə olduğu vaxtdan Azərbaycanın bir çox rəsmi şəxsləri ilə əlaqə saxlayıb və işləyib.

"Hesab edirəm ki, Azərbaycan münaqişənin dinc yolla həlli və güc tətbiq edilməməsinə yönəlmiş danışıqlara ciddi köklənib", - Brayza deyib.

Onun sözlərinə görə, əvvəllər olduğu kimi, əsas vəzifə baza prinsiplərinin razılaşdırılmasıdır ki, bu da qeyri-mümkün məsələ deyil.

Səfir deyib ki, tərəfləri ayıran həllolunmaz ziddiyyətlər yoxdur.

"Bu münaqişə hərbi yolla həll oluna bilməz", - Brayza deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti