...

ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağla bağlı məruzə dinləniləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2012 16:09 (UTC +04:00)
Monakoda çərşənbə axşamı başlayan ATƏT Parlament Assambleyasının yay sessiyasında "ATƏT - dəyişən region" adlı məruzə dinləniləcək.
ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağla bağlı məruzə dinləniləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir M.Əliyev/

Monakoda çərşənbə axşamı başlayan ATƏT Parlament Assambleyasının yay sessiyasında "ATƏT - dəyişən region" adlı məruzə dinləniləcək.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Eldar İbrahimov Trend-ə bildirib ki, qurumun Litvadan olan məruzəçisi Vilii Aleknayte-Abramikenenin hazırladığı məruzədə ATƏT məkanında təhlükəsizlik məsələləri, o cümlədən həlli uzadılmış münaqişələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət əks olunub.

Onun sözlərinə görə, sənəddə qeyd olunur ki, həlli uzadılmış münaqişələr yenə də regionda təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə törədir.

"Sənəddə də qeyd olunduğu kimi, belə faktlardan biri də Dağlıq Qarabağ münaqişəsidir ki, nəticədə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində insan tələfatı davam edir və regionda gərginlik əvvəlkindən də yüksək olaraq qalır. Hesabatda tərəflər sülh sazişi üzərində işi davam etdirməyə çağırılır", - o deyib.

Sənəddə bildirilir ki, bu istiqamətdə ilk addım atəşkəs rejiminə riayət etmək və snayperləri qoşunların təmas xəttindən geri çəkməkdir. Münaqişə zonasında baş verən insidentlərin araşdırılması da son dərəcə vacibdir.

İbrahimov deyib ki, sənəd ətrafında çıxışlar olacaq və Azərbaycan nümayəndə heyəti də bu məruzə zamanı aktiv iştirak edərək Ermənistanın işğalçılıq siyasətini bir daha ATƏT parlamentarilərinə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti