...

Kiyevdə beynəlxalq gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul ediblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2012 13:37 (UTC +04:00)
Ukraynada keçirilən beynəlxalq forumda xarici gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qeyd edən qərar qəbul ediblər.
Kiyevdə beynəlxalq gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul ediblər (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend müxbir M.Əliyev/

Ukraynada keçirilən beynəlxalq forumda xarici gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qeyd edən qərar qəbul ediblər.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) şənbə günü Trend-ə bildirilib ki, qərar Ukraynanın paytaxtı Kiyevdə "BMT-nin gənclər modeli" mövzusunda 4-cü beynəlxalq forumda qəbul olunub.

Ukrayna parlamentinin binasında keçirilən forumda dünyanın 40 ölkəsindən 200-ə yaxın gənc, o cümlədən bir sıra ölkələrin diplomatik korpus nümayəndələri ilə yanaşı, siyasi ekspertlər də iştirak ediblər.

Müzakirələr zamanı erməni gənclər aranı qarışdırmağa səy göstərsələr də, bir sıra ölkələrdən olan gənclərin Qarabağ probleminin yaranma səbəblərinə obyektiv yanaşmaları forumun yekun qərarının qəbul olunması ilə nəticələnib. 4 saat davam edən müzakirələrdən sonra 36 ölkədən 26 ölkənin gəncləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı qərara səs verməklə, yekun qərarı qəbul ediblər. Qərarda Dağlıq Qarabağ probleminin qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bir milyondan çox insanın öz doğma vətənlərinə dönməsinin təmin olunması məsələsi qətiyyətlə tələb olunub.

UAGB, BMT-nin Ukrayna nümayəndəliyinin, Ukrayna Ali Radasının, Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü ilə keçirilən forumu Ukrayna Ali Radasının Qanunvericilik və hüquq mühafizə orqanlarının işi üzrə komitəsinin sədri Viktor Şvets açaraq, dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

"BMT-nin gənclər modeli" çərçivəsində həyata keçirilən forumun müstəsna əhəmiyyətindən danışan BMT-in Ukrayna üzrə İnkişaf Proqramının baş direktoru Rikarda Riqqer, həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Sabir Rzayev Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkə gənclərinin bir araya gələrək dünyada baş verən hadisələrə münasibət bildirmələrinin vacibliyini vurğulayıblar. Forumun gündəliyinə çıxarılan məsələlər haqqında məlumat verən Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şixaliyeva Forumun yekun nəticəsi olaraq qəbul olunacaq qərarların BMT-in baş assambleyasına göndəriləcəyini bildirib.

Forumda çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirov Azərbaycanda azad və sərbəst fikirli gənclərin inkişafına, o cümlədən vətəndaş cəmiyyətinin formalaşması istiqamətində gənc nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. "Biz dünyada baş verən hər bir məsələyə ciddi münasibət bildirməklə dünyada sülhün və əmin amanlığın qorunub saxlanilmasına öz töhvəmizi verməliyik", - Anar Tahirov deyib.

3 gün davam edən forumda ən böyük müzakirə obyektinə çevrilən məsələ isə Ümumukrayna Gənclər Assambleyasının təşəbbüsü ilə gündəliyə çıxarılan Dağlıq Qarabağ məsələsi olub.

Azərbaycan, Rusiya, Ermənistan, Macarstan, Moldova, Ukrayna və dünyanın 36 ölkəsindən olan gənc fəalların iştirak etdiyi forumda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov çıxış edərək, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın tarixi, 150 il bundan öncə ermənilərin bu bölgəyə köçürülməsini tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti