Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/
Almaniya Bundestaqında Xristian Demokratik İttifaqından deputat, Avropa işləri üzrə komitənin daimi üzvü Tomas Bareis (Thomas Bareiss) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib.
Trend Avropa Azərbaycan Cəmiyyətinin yaydığı məlumata istinadən xəbər verir ki, bəyanatda qeyd olunub ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş tərəflər arasında davamlı sülh razılığının əldə olunması üçün göstərilən cəhdlərə öz töhfələrini davam etdirəcək: "Cənubi Qafqazda qaçqın düşmüş əhaliyə öz ata-baba yurdlarına daimi və təhlükəsiz qayıtmaları üçün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı Azərbaycan rayonlarını geri qaytarmaq vacib şərtdir. Biz Minsk qrupunun BMT-nin məsələyə cəlb olunması istiqamətində çağırışlarını dəstəkləyirik. Məcburi köçkünlüyün hər hansı bir forması Avropa ideyasına ziddir".
Bəyanatda vurğulanıb ki, münaqişənin dərhal və davamlı həlli üçün güclü cəhd çox vacibdir, bunun üçün qaçqınların maraqlarını da nəzərə almaq lazımdır: "Bu səbəbdən də biz Avropa marağından çıxış edərək, təkcə Minsk qrupunun qərarlarının deyil, bütövlükdə BMT, Avropa Şurası və ATƏT-in bütün qətnamələrinin tezliklə həyata keçirilməsini görməkdə maraqlıyıq. Almaniya və Azərbaycan arasındakı əlaqələr açıq fikir mübadiləsi əsasında formalaşıb. Bu fikir mübadiləsi yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Son onilliklər göstərib ki, bütün dövlətlərin çiçəklənməsi və tərəqqisinin təhlükəsizliyi üçün sülh danılmaz şərtdir. Odur ki, biz bütün səviyyələrdə, ilk növbədə, azərbaycanlı tərəfdaşlarımızın əminliyini və təhlükəsizliyini birdəfəlik təmin etmək, ikinci tərəfdən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə işləmək üçün ikitərəfli əlaqələrimizi artırmaq və genişləndirməkdə maraqlıyıq".