...

"Alman Parlament Cəmiyyəti"ndə Xocalı soyqırımının ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2014 10:00 (UTC +04:00)
Trend-in Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirə Almaniya hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçı qatılıb.
"Alman Parlament Cəmiyyəti"ndə Xocalı soyqırımının ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir S.Əhmədova/

Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki səfirliyi və "Alman-Azərbaycan Forumu"nun birgə təşkilatçılığı və ARDNŞ-nin Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri" adlı simpozium keçirilib.

Trend-in Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirə Almaniya hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçı qatılıb.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışıb. Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və Almaniya ilə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulayıb.

P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və Xocalı soyqırımının ağrılarına baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Nazir müavini qeyd edib ki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verər.

"Alman-Azərbaycan Forumu"nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyini, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırıb.

Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit Almaniyanın Cənubi Qafqaz ölkələri ilə inkişafa yardım əməkdaşlığında münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulayıb.

AFR hökumətinin Rusiya, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri üzrə əlaqələndiricisi Qernot Erler Dağlıq Qarabağ münaqişəsinə Avropa İttifaqı-Rusiya-Cənubi Qafqaz münasibətləri konteksində yanaşan məruzə ilə çıxış edib. Q.Erler bildirib ki, qonşuları Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Avropa İttifaqı və Rusiya arasında seçim etmək deyil, onların hər ikisi ilə münasibətlərini dərinləşdirmək xəttini seçib. Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq yaratmağa çalışır, eyni zamanda, özünün bir nömrəli problemi olan ərazi bütövlüyünün bərpa olunması naminə Rusiya ilə əməkdaşlığı genişləndirir.

Tanınmış siyasətçi Ukraynadakı vəziyyətin Avropa İttifaqı və Rusiya münasibətlərində yaratdığı gərginliyin Cənubi Qafqaz üçün təhlükəli ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və Avropa İttifaqı arasında Şərqi Avropa ölkələrinə münasibətdə bəzilərinin "Soyuq müharibə" adlandırdığı ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsini daha da dərinləşdirə bilər. Hal-hazırda Ukraynada özünü büruzə verən bu ziddiyyətlərin Cənubi Qafqazda baş verməsinin qarşısını almaq üçün Avropa siyasətçiləri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi fikir verməlidirlər.

Daha sonra Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnett, Bundestaqın Xristian-Demokratlar/Xristian-Sosialist fraksiyasının idarə heyətinin üzvü Marko Vandervits, tanınmış "Fokus" jurnalının MDB ölkələri üzrə bürosunun rəhbəri Boris Raytşusterin iştirakı və Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzerin moderatorluğu ilə keçirilmiş podium müzakirəsində Azərbaycanın Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində yeri və rolu, Azərbaycan-Almaniya münasibətləri və bu mövzuların Almaniya mətbuatında işıqlandırılması haqqında söhbət aparılıb.

Tədbirin ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin "Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra" adlı kitabının təqdimatı keçirilib. Alman publisist Rixard Kislerin aparıcılığı ilə keçən təqdimat mərasimində müəllif A.Vidmer Ermənistan təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı əhalinin qaçqın və məcburi köçkün həyatı haqqında təəssüratlarını bölüşüb və münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti