...

Fikrət Sadıqov: Ermənistanın və aparıcı dövlətlərin qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş inandırıcı deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2014 16:23 (UTC +04:00)
Ermənistanın qeyri-konstruktiv mövqeyi və Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan münaqişə tərəflərini eyniləşdirən aparıcı dövlətlərin laqeyd münasibəti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra köklü dəyişikliklərə ümid etməyə əsas vermir.
Fikrət Sadıqov: Ermənistanın və aparıcı dövlətlərin qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş inandırıcı deyil

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Səba Ağayeva/

Ermənistanın qeyri-konstruktiv mövqeyi və Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan münaqişə tərəflərini eyniləşdirən aparıcı dövlətlərin laqeyd münasibəti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra köklü dəyişikliklərə ümid etməyə əsas vermir. Bunu Trend-ə Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib: "İstənilən halda, bu, Azərbaycan Prezidentinin ölkəsinin mövqeyini bir daha dünya ictimaiyyətinin, erməni tərəfinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətinə çatdıracağı beynəlxalq meydançadır. Ermənistan tərəfi artıq əmin oldu ki, Azərbaycan öz ərazilərini azad etməkdə tam qətiyyətlidir və Azərbaycanın atəşkəsi pozması və erməni tərəfinin müvafiq cavab vermək vəziyyətində olmaması üçün hər şeyi etməyə çalışması ilə bağlı bütün bəhanə və istinadlar heç bir əsasa malik deyil".

Qeyd edək ki, bu həftənin sonunda Rusiya Prezidentinin Soçidə Azərbaycan və Ermənistanın dövlət başçıları ilə ayrı-ayrılıqda görüş keçirməsi planlaşdırılıb. Bu barədə bir müddət əvvəl Rusiya XİN-in rəhbəri Sergey Lavrov məlumat verib.

Politoloqun sözlərinə görə, Azərbaycan öz ərazilərinin geri qaytarılmasında israr etməyə hazır olduğunu nümayiş etdirdi: "Biz indi çox ciddi hərbi potensiala, müasir hərbi texnikaya malikik və indi bunu artıq hamı yaxşı anlayır".

Sadıqov qeyd edib ki, danışıqlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi fonunda keçiriləcək. "Əgər həmsədrlər yaranmış vəziyyətdən narahatdırlarsa və münaqişənin nizamlanmasını real, səmimi olaraq istəyirlərsə və regionda sabitliyin bərqərar olmasını istəyirlərsə, onlar, əlbəttə, nə etmək lazım gəldiyini yaxşı anlayırlar. Hər şeydən əvvəl, onlar özləri tərəfindən BMT TŞ-də qəbul edilən qətnamələrə əməl etməlidirlər. Azərbaycanın mövqeyinin bundan daha dəqiq təsviri ola bilməz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".

Politoloqun fikrincə, ola bilsin ki, aparıcı dövlətlərdəki bəzi dairələr həqiqətən münaqişənin həll olunmasını istərdilər. "Eyni zamanda, onlar əmin oldular ki, Azərbaycan bir qarış torpağını verməyəcək, öz torpaqlarının işğalı ilə razılaşmayacaq və işğal olunmuş torpaqlarının azad olunması üçün lazım olan hər şeyi edəcək".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti