Azərbaycan, Bakı, 25 fevral /Trend/
Çexiya Respublikasının Brno şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Trend-in məlumatına görə, Çexiya- Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin (CASVaK) təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Brno Ali Texniki Universitetində iki ildir fəaliyyət göstərən Azərbaycan guşəsində ölkəmizə və onun bölgələrinə, xüsusilə, Qarabağ aid fotolardan ibarət sərgi ilə tanış olub, Xocalı soyqırımına həsr olunmuş filmə baxıblar.
Daha sonra tədbirdə çıxış edən prof. DrSc A.Kərimov, prof.RNDr I.Meznik, Prof.MUDr J.Vanek, Doc.PhDr.F.Capka, JUDr.M.Karasova erməni terronrçuları tərəfindən həyata keçirilən vəhşiliklər, o cümlədən, Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən biridir. Soyqırımının dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir. Natiqlər dünya ictimaiyyətini bu soyqırımına biganə qalmamağa çağırıb, vurğulayıblar ki, insanlığa qarşı bəşəri cinayət olan bu kimi hadisələrə qarşı sərt tədbirlər görülməsə bəşəriyyət bunun acısını hələ çox yaşamalı olacaq.
Xüsusilə qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan xalqının uzun müddət məruz qaldığı erməni təcavüzü haqda dolğun, tarixi faktlara əsaslanaraq dünya ictimaiyyətini düzgün məlumatlandırmaq, yalançı erməni soyqırımı iddiasını ifşa etmək məqsədilə hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciəni əks etdirən filmlər çəkilir, kitablar yazılır.
Qeyd edək ki, tədbirdə tanınmış elm xadimləri, Çexiyada təhsil alan tələbələr, Azərbaycan diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çexiyanın Brno şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Çexiya Respublikasının Brno şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
