Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri həyata keçmədi. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun "Barış" adlı panelində çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, həmin qətnamələr həyata keçmədiyinə görə Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya, Cənubi Osetiya münaqişəsi Gürcüstanın ərazi bütövlüyünü təhdid etdi, Dnestryanı, Qaqauz problemi Moldovanın ərazi bütövlüyünü təhdid etdi: "Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiya ərazisində - Çeçenistanda, Dağıstanda və başqa ərazilərdə etnik münaqişələr başladı, mərkəzdənqaçma tendensiyaları gücləndi. Biz bir daha dünyanı xəbərdar etməyə çalışdıq ki, bu məsələlərə prinsipial yanaşmaq lazımdır".
Prezidentin köməkçisi bildirib ki, SSRİ-nin dağılması nəticəsində sosializm düşərgəsində birləşmiş millətlər müstəqillik əldə etdilər: "Müstəqillik əldə etməsi məqamında bəzi xalqlar və dövlətlər bir-birilərinə qarşı müxtəlif iddialar ortaya qoydular. Bu iddiaların təməlində bir tərəfdən həmin xalqların, dövlətlərin tarixən beynində, düşüncəsində yaşamış arzu və istəklər dayanırdısa, digər tərəfdən, SSRİ-nin varisi olmuş bəzi regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını yaratması siyasəti dayanırdı. Azərbaycan 1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə ATƏT-in Helsinki sammitində, 1994-cü ildə Budapeşt sammitində, 1996-cı ildə Lissabon sammitində, 1998-ci ildə İstanbul sammitində və sonrakı sammitlərdə ciddi şəkildə qoyaraq regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunmasının qeyri-mümkünlüyü haqqında xəbərdarlıq etdi".
Ə.Həsənov deyib ki, Azərbaycan o zaman dünyaya, BMT Təhlükəsizlik Şurasına çağırışlar etdi ki, bu münaqişələrlə oynamaq olmaz, etnik separatizmə, ərazi iddialarına rəvac vermək olmaz: "1992-1993-cü illərdə Ermənistanın bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, Azərbaycanın və sülhsevər bəşəriyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurası 4 dəfə toplandı, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə dair 4 dəfə qətnamə qəbul etdi. Qətnamələrin tələbləri ondan ibarət idi ki, Ermənistan Azərbaycana ərazi iddialarından imtina etməli, işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməli və qoşunlar təmas xəttindən geri çəkilməlidir, bundan sonra iki dövlət arasında bu münaqişəni yaradan səbəblər ətrafında danışıqlar başlanmalıdır. Bunun üçün ATƏT-in Minsk qrupunu - ATƏT-in xüsusi həmsədrlik institutunu yaradaraq ABŞ, Fransa və Rusiyanı bu instituta daxil etdilər. Lakin dünyada, o cümlədən Avropada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçmədi".
Ə.Həsəvov qeyd edib ki, təəssüflər olsun ki, nə BMT öz qərarlarının icrası ilə bağlı prinsipial addımlar atdı, nə qurumun Təhlükəsizlik Şurası vahid standartlardan çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, nə münaqişənin, işğalın qarşısını aldı, nə də ki, bu münaqişəyə son qoydu: "Nəticə isə bu gün Ukraynadakı vəziyyətdir. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydilər, bəlkə də bu münaqişə yaşanmazdı".
Prezidentin köməkçisi bildirib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin səbəbi beynəlxalq hüquq normalarının pozulmasıdır, beynəlxalq hüquq normalarına əməl olunmasının BMT Təhlükəsizlik Şurası tərəfindən prinsipial şəkildə təmin edilməməsidir: "1992-ci ildən bəri BMT Təhlükəsizlik Şurasının qətnamələri havadan asılı qaldığı halda, bir günün içərisində, deyək ki, Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən vurulub çıxarıldı, bir gün əzində Liviya ilə bağlı qərar qəbul olundu və Liviya bombalandı, bir günün içərisində Misirə və Yuqoslaviyaya ordu yeridildi, bir günün içərisində Serbiya bombalandı. Yəni burada söhbət ondan gedir ki, beynəlxalq güclər təəssüflər olsun ki, onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və həmin normaların təmin olunması uğrunda hərəkətə keçirlər, amma onlara sərf etməyəndə öz geosiyasi maraqları çərçivəsində oynayırlar. Bu oyunların nəticəsi olaraq Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb, sülh bərqərar olmadığına görə də dünyada, beynəlxalq aləmdə münaqişələr davam edir".
Ə.Həsənov qeyd edib: "Siz burada olduğunuz günlərdə özünüz də şahidi olacaqsınız ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub. Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki dinə, hər iki sivilizasiyaya gözəl meydan verib. Bu gün Azərbaycanda bu sahədə həyata keçirilən siyasət bütün dünyada təqdir olunur. Lakin təəssüflər olsun ki, ermənilər özlərinin etnik təmizləmə siyasətini təlqin edərək Ermənistanda başqa millətin bir nümayəndəsini belə qoymayıblar. Bu gün Ermənistanda ermənidən başqa millət, xalq yaşamır. Son 20 il ərzində o ərazilərdən münaqişə nəticəsində 250 minə qədər azərbaycanlı və digər xalqlar qovulub. Bunun nəticəsi olaraq, bu gün dünyanı və xalqları, millətləri bu etnik münaqişələr təhdid edir, hələ də bu münaqişələrin həlli tapılmayıb".