Bakı. Elçin Mehdiyev - Trend:
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə gələrkən özünü "demokratik dəyərlərə sadiq" birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu:
"Əslində, onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir və Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən "öz müqqədəratını müəyyən etmək hüququ" işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil. Həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.
Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulamışdı ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin, Ermənistanın hərbi təcavüzü buna son qoymuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.
Ermənistan və cinayətkar rejimin kiv-rində "Pan-Ermənistan oyunları" üçün hətta müvafiq "təhlükəsizlik" tədbirlərinin görüldüyü qeyd edilmişdir. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək" üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqaziddir və heç bir fayda verməyəcək".
Qeyd edək ki, Ermənistan KİV-lərində yayılan məlumata əsasən, 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "Pan-Ermənistan oyunları"nın "açılış mərasimi" keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş "açılış mərasimi"ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.
Nikol Paşinyan çıxşı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməmiş və Azərbaycanın beynəlxlaq təşkilatlar və dünya ictimiayyəti tərəfindən tanınan suveren ərazisi-Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.