...

Cari il ərzində Azərbaycanın 65 regionundan 18-də mina və partlamamış hərbi sursata rast gəlinib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2005 19:31 (UTC +04:00)

Cari il ərzində Azərbaycanın 65 regionundan 18-də mina və partlamamış hərbi sursata rast gəlinib. Trend məlumat verir ki, bu fikirlər Beynəlxalq Mətbuat Mərkəzində "Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyası"nın üzvlərinin keçirdiyi mətbuat konfransında səslənib.

Ottava Konvensiyasının üzv dövlətlərinin 6-cı illik konfransının nümayəndəsi Kendra Cespenson jurnalistlərin nəzərinə çatdırıb ki, Azərbaycan hökuməti Ottava Konvensiyasına qoşulmasa da, Konvensiyadan irəli gələn bir çox öhdəlikləri tam yerinə yetirir. Belə ki, Azərbaycanda minaların istehsalı, ötürülməsi və ehtiyatının toplanması faktları qeydə alınmayıb.

Azərbaycanın 65 regionundan 18-də mina və partlamamış hərbi sursata rast gəlinib. Ölkədə minaların təmizlənməsi əməliyyatları həyata keçirilir və NATO ilə bağlanmış müqaviləyə əsasən, növbəti ildə Ağstafa rayonu ərazisində yerləşən keçmiş SSRİ hərbi bazasından qalma partlamamış hərbi sursatların təmizlənməsinə də başlanacaq.

2005-ci il ərzində Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyası müxtəlif mənbələrdən aldığı məlumata əsasən, Azərbaycanda 62 nəfərin mina və partlamamış hərbi sursatdan zərər çəkdiyi qeydə alınıb. Nəticədə 10 nəfər həlak olub. Onlardan 2 nəfəri qadın, 1 nəfəri isə uşaqdır. Yaralananların sayı isə 52 nəfərdir. Kampaniyaya daxil olmuş daha 6 nəfərlə bağlı məlumatlar isə hazırda araşdırılmaqdadır. Faktlar Bakı və Gəncə şəhərlərində, Ağdam, Ağstafa, Ağcəbədi, Füzuli, Goranboy, Tovuz, Gədəbəy və Tərtər rayonları ərazisində qeydə alınıb.

Mina təhlükələrinin izahı proqramları çərçivəsində isə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti uşaqlar üçün 8 rayonunun ərazisində ümumilikdə 15 Təhlükəsiz Oyun Meydançası yaradıb. Növbəti ildə daha 10 meydançanın yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti