Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparmaq məqsədilə Azərbaycan və Ermənistan deputatları arasında görüş mümkündür. Bu barədə Trend ə Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev bildirib.
Millət vəkili qeyd edib ki, bunun üçün gərək tərəflərin dövlət başçılarının razılığı olmalıdır: "Əgər onlar problemin həlli ilə bağlı aparılan müzakirələrdə millət vəkillərinin də iştirakını vacib saysalar, onda bu danışıqlara qatılmaq olar". Partiya sədri onu da bildirib ki, hər iki dövlətin parlamentində Dağlıq Qarabağ problemi onsuz da müzakirə olunmalıdır. Tərəflərin parlamentariləri arasında görüş isə yüksək səviyyədə təşkil edilməlidir.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da Ermənistan və Azərbaycan parlamentarilərinin görüşünün mümkünlüyünü istisna etmir. Lakin bu problemin həllinin parlament səviyyəsində olmadığını söyləyib: "Çünki prezidentlər və nazirlər səviyyəsində bu problem həll olunmayıbsa, millət vəkilləri arasında da həll olunmayacaq".
Azad Demokratlar Birliyinin sədri, millət vəkili Əli Məsimov isə qeyd edib ki, görüşdə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsi müzakirə olunarsa, bu, mümkündür: "Azərbaycan tərəfi bu məsələnin milli maraqlar çərçivəsində həlli ilə bağlı istənilən səviyyədə görüşlər keçirməyə hazırdır".