...

DİN rəsmisi :"Azərbaycanda vəhabi təhlükəsi yoxdur"

Siyasət Materials 19 Oktyabr 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda kriminogen durum nəzarət altındadır və ölkədə nə vəhabi, nə də başqa bir təhlükə yoxdur. Bu barədə cümə günü Bakıda jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini, general Vilayət Eyvazov məlumat verib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda il ərzində 20 min cinayət törədilir, bu isə o deməkdir ki, hər 100 min nəfərə 200-220 cinayət faktı düşür. Qonşu ölkələrdə isə, bu rəqəm Azərbaycanla müqayisədə xeyli yuxarıdır. Ermənistan və Gürcüstanda hər 100 min nəfərə 300-dən artıq cinayət düşür. Bu rəqəm Ukraynada 600-dən, Rusiyada isə 2 mindən çoxdur.

Nazir müavini qeyd edib ki, Azərbaycanın şimal bölgəsində heç bir gərginlik və dövlətçilik üçün təhlükə yoxdur: "Qusarda biz cinayətkarı həbs etmək istəyərkən, o, polisə silahlı müqavimət göstərib və qaçıb. Onun həbs olunması üçün tədbirlər görülüb, ərazidə postlar qurulub və DİN aparatı digər hüquq-mühafizə orqanları ilə birgə həmin cinayətkarın axtarışı ilə məşğuldur".

Zaqatala rayonunda keçirilən tədbirlərə gəlincə, Eyvazov vurğulayıb ki, bu, əvvəlcədən planlaşdırılan tədbirlərdir və nazirin göstərişi ilə yerinə yetirilir: "Nazirin göstərişi ilə yerlərdə təlim - məşqlər keçirilir. Silahlı cinayətkarların tutulması, yolların təhlükəsizliyinin təmin olunması kimi məsələlər məşq prosesində öyrənilir".

Eyvazov deyib ki, bu gün ABU Petrolun yanacaq məntəqəsinə silahlı basqın olub. Onun sözlərinə görə, basqın nəticəsində xəsarət alan olmayıb. Amma cinayətkarlar yanacaqdoldurma məntəqəsinin xəzinəsindən 1500 dollar pul götürüblər: "Onlarla bağlı məlumat var və soyğunçuların həbs olunması istiqamətində iş görülür".

Cümə günü səhər saatlarında 5 nəfər maskalı şəxs ABU Peetrolun Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Xəbər lenti

Xəbər lenti