...

Azərbaycan və Türkiyə "erməni soyqırımı" ilə bağlı iddialara qarşı birgə səyləri artıracaqlar - səfir

Siyasət Materials 25 Dekabr 2007 16:25 (UTC +04:00)
Azərbaycan və Türkiyə "erməni soyqırımı" ilə bağlı iddialara qarşı birgə səyləri artıracaqlar - səfir

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, S.İlhamqızı/ Azərbaycan və Türkiyə "erməni soyqırımı" ilə bağlı iddialara qarşı birgə səyləri artıracaqlar. Bununla bağlı "Trendə" Ankaradan telefonla verdiyi açıqlamasında Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Hulusi Qılınc bilidrib.

"Bu işdə çalışmalara başlanılıb. Amma düşünürəm ki, bu istiqamətdə görülən işlər daha da inkişaf edəcək" - diplomat bildirib.  

Ermənistan ermənilərin 1915-1923 illərdə Osmanlı İmperiyası tərəfindən "soyqırıma" məruz qalması iddiası ilə çıxış edir. Fransa, Hollandiya "erməni soyqırımını" tanıdıqlarını bəyan ediblər. Türkiyə bununla razılaşmır. Ermənilərin iddiasından Turkiyənin Avropa İttifaqına qəbul olunması üçün maneə kimi istifadə edilir.

Türkiyə Ermənistanla sərhədlərini da bağlayıb. Rəsmi Ankara, Dağlıq Qarabağ münaqişəsi həll olunanadək, Ermənistanla sərhədlərini açmayacağını bəyan edib.

Fevralda Bakıda fəaliyyətə başlayacaq səfir Azərbaycan ərazisilərinin Ermənistan tərəfindən işğalına da münasibət bildirib və "Qarabağ problemi bizim də yaramızdır" - deyib: "Mən diplomat olmazdan əvvəl, bir türkəm və Qarabağ yarası bizim ortaq dərdimizdir".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu başqa vəzifəyə təyin olunduğundan, Azərbaycanda səlahiyyətlərini başa çatır. Onu bu vəzifədə Qılınc əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti