Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir C. Babayeva /Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə bağlanan "Loğman" özəl tibb məktəbinin tələbələri dövlət təhsil müəssisələrinə bərpa edilməyəcəklər. Bu barədə jurnalistlərə cümə axşamı Bakıda təhsil naziri Misir Mərdanov məlumat verib.
"Tələbələr bu məktəbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xətti ilə daxil olmayıb və buna görə də tələbələrin qəbulu qeyri-qanuni hesab olunur" - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, iki il əvvəl "Loğman" tibb məktəbi Təhsil Nazirliyinin qərarı ilə bağlanıb. Lakin buna baxmayaraq, məktəb qeyri-leqal olaraq fəaliyyətini davam etdirib.
"Bizim Respublika Baş Prokurorluğu və Nazirlər Kabinetinə müraciətimizdən sonra, hökumət tərəfindən məktəbin fəaliyyətinin dayandırılmasına dair qərar qəbul olundu" - deyə nazir qeyd edib.
Buna əsasən təhsil keyfiyyətinin aşağı olması və maddi-texniki bazanın çatışmaması səbəb olub. Məktəb fəaliyyətini dayandırana qədər burada təxminən 2 min tələbə təhsil alırdı.