Azərbaycan, Bakı 30 yanvar/ Trend müxbir İ.Əlizadə/ Beynəlxalq təşkilatların Azərbaycanda seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı heç bir təklifi yoxdur. "Beynəlxalq təşkilatların nümayəndələri bildirirlər ki, seçki komissiyaları elə formada təşkil olunmalıdır ki, iqtidar, müxalifət və bütövlükdə cəmiyyət komissiyalara etimad göstərisin, seçkidə iştirak edən bütün tərəflərə bərabər şərait yaradılsın. Azərbaycanın hazırkı seçki komissiyaları bu tələbə cavab verir", - deyə çərşənbə günü keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Aparat rəhbəri hesab edir ki, seçki komissiyaları seçki hüquqlarını və qanunvericiliyi yaxşı bilən peşəkarlardan təşkil olunmalıdır.
"Seçki komissiyaları siyasi mənsubiyyət əsasında və partiyaların nümayəndələrindən formalaşdırılmamalıdır. Çünki siyasi partiyaların nümayəndələrindən ibarət olan komissiyalarda fikir ayrılığı tez yaranır. Lakin Qanun seçki komissiyaların hazırkı format əsasında təşkil olunmasını nəzərdə tutur və buna əməl etməliyik", - deyə Milli Məclis Aparatının rəhbəri əlavə edib.
Mirzəyev bildirib ki, seçki komissiyaların indiki tərkibi şəffaf və demokratik seçkilər keçirməyə imkan verir.