...

Azərbaycan ATƏT PA-nın Dağlıq Qarabağla bağlı hazırladığı məruzənin müzakirəyə çıxarılmasını tələb edir

Siyasət Materials 14 Fevral 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı 14 fevral / " , müxbir İ.Əlizadə/ Azərbaycan ATƏT Parlament Assambleyasının (ATƏT PA) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məruzənin müzakirəyə çıxarılmasını tələb edir. "ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Qoran Lenmarkerlə görüşəcəyik. Görüşdə Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məruzənin müzakirəyə çıxarılması və münaqişənin həlli ətrafında yaranmış vəziyyəti müzakirə edəcəyik" - deyə cümə axşamı Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov bildirib.

Lenmarker ATƏT PA-nın sədri seçilməmişdən əvvəl təşkilatın Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi olub. Lenmarker hazırda da bu vəzifəni həyata keçirir. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayıb. Lakin bir neçə ildir ki, məruzə ATƏT PA-da müzakirəyə çıxarılmır.

İbrahimov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması və təşkilatın münaqişə ilə bağlı qətnamə qəbul etməsi məsələsini gündəmə gətirəcək.

"ATƏT Parlament Assambleyasının qaydalarına görə, məruzə təşkilatın iclasında müzakirəyə çıxarılmalıdır. Lakin bizim tələblərimizə baxmayaraq, ATƏT Parlament Assambleyasının rəhbərliyi məruzəni müzakirəyə çıxarmaqdan imtina edir. Bunu isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun məşğul olması ilə əsaslandırırlar. Bildirirlər ki, münaqişinən həlli ilə bağlı hansısa nəticə əldə olunandan sonra məruzəni müzakirəyə çıxarmaq olar" - deyə millət vəkili əlavə edib.

ATƏT PA-nın qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək. Sessiyada Kosovonun gələcək statusu və Avropada "Adi silahlara dair" müqaviləyə əməl olunması məsələləri müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Mvuradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyev daxildir.

Nümayəndə heyəti fevralın 18-də Vyanaya yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti