...

Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub

Siyasət Materials 22 Fevral 2008 18:26 (UTC +04:00)
Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub

Azərbaycan, Bakı, 22 fevral/ Trend , müxbir İ.Əlizadə/ Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub. "Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalayıblar", -deyə cümə günü Trend a telefonla Antalyadan Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısında iştirak edən millət vəkili Rafael Cəbrayılov bildirib.

Antalyada Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçirilib.

Toplantıda Şuranın Rəyasət Heyəti, tərkibi, üzvlük şərtləri, işçi dilləri və digər təşkilati məsələlər müzakirə olunub. Bir sıra türkdilli ölkələrin parlamentlərinin üzv olacağı bu Şuranın yaradılmasından məqsəd türkdilli ölkələr arasında Parlamentlər Birliyi şəklində ortaq mexanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək siyasi baxışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə  nail olmaqdan ibarətdir.

Niyyət protokolunu dörd ölkənin vitse-spikerləri imzalayıblar.

Cəbrayılov qeyd edib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı razılaşma parlament sədrlərinin mayın sonlarında keçiriləcək toplantısında imzalanacaq.

Antalyada imzalanan niyyət protokoluna əsasən, Türkdilli Ölkələrin Parlament Assambleyasının toplantıları ildə bir dəfədən az olmayaraq keçiriləcək. Assambleyanın katibliyi isə, hələlik Türkiyədə yerləşəcək. Toplantıda katibliyin Azərbaycanda yerləşməsi də təklif olunub. Bununla bağlı müzakirələr davam etdiriləcək.

"Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik növbəlilik və əlifba sırası ilə həyata keçiriləcək, səlahiyyət müddəti isə, bir il olacaq. Qurumun iclasları sədrliyi həyata keçirən ölkədə baş tutacaq. Parlament Assambleyasının işçi dili qurumda təmsil olunan ölkənin işçi dili olacaq", -deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, assambleyada hər bir ölkədən eyni sayda deputat iştirak edəcək. Müzakirə olunan məsələnin əhəmiyyətindən asılı olaraq deputatların sayı müəyyənləşdiriləcək.

Cəbrayılov qeyd edib ki, Özbəkistan və Türkmənistan nümayəndələrinin toplantıda iştirak etməmələrinin səbəbləri məlum deyil. Lakin niyyət protokolunda qeyd olunub ki, digər türkdilli ölkələr də sonradan niyyət protokolunu imzalamaqla Parlament Assambleyasının yaradılmasında iştirak edə bilərlər.

"Parlament Assambleyasının yaradılması ilə bağlı razılığı yüksək qiymətləndirirəm. Bu, türkdilli ölkələrin bir mövqedən çıxış etməsi və mövqelərini uyğunlaşdırması baxımından vacibdir. Razılaşma tarixi əhəmiyyət daşıyır", -deyə Cəbrayılov əlavə edib.

Toplantıda Azərbaycanı birinci vitse-spiker Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə deputatlardan Rafael Cəbrayılov, Əhməd Vəliyev və Milli Məclis rəhbərliyi katibliyinin rəisi Səyyad Ələsgərov daxildir.

Xəbər lenti

Xəbər lenti