...

İKT yenidən beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana təcavüzünə qarşı çıxış etməyə çağırır

Siyasət Materials 5 Mart 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir S.Ağayeva/ İslam dövlətləri yenidən, Ermənistanın Azərbaycana təcavüzünə qarşı çıxmağa və işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb etməyə hazrlaşır.

İslam Konfransı Təşkilatı (İKT) dövlət başçıları 13-14 martda Seneqalda keçiriləcək Sammitdə beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini pisləməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa olunması istiqamətində tədbirlər görməyə çağıran Qətnamə qəbul edəcəklər. Bu barədə çərşənbə günü Trend a telefonla Azərbaycanın Səudiyyə Ərəbistanı və İKT yanında akreditə olunan səfirliyindən bildiriblər.

Ermənistan, Dağlıq Qrabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycanın 20 faiz torpağını işğal edib. Torpaqların işğalı 1988 - ci ildən başlayıb. 1991-ci ilin dekabrına qədər Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb.1992-93-cü illərdə Dağlıq Qarabağın ətrafında yerləşən Şuşa, Xocalı və yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi barədə razılıq əldə olunub. Tərəflər hələ də sülh danışıqlarını davam etdirir.

İKT artıq dəfələrlə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını, bu ölkənin təcavüzkar siyasətini pisləmiş və dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etməyə çalışıb.

Azərbaycan 1991-ci ilin dekabr ayında İKT-yə üzv olub. Təşkilat 1969-cu il sentyabr ayının 25-də Rabat şəhərində (Mərakeş) təsis edilib. İKT-nın əsas məqsədləri islam həmrəyliyinin möhkəmlənməsi, irqi ayrı -seçkiliyin aradan qaldırılmasına yardım, sülh və beynəlxalq təhlükəsizliyə dəstək, işğal olunmuş ərazilərin azad olması da daxil olmaqla, Fələstin xalqına öz hüquqları uğrunda mübarizədə yardım göstərmək, bütün islam xalqlarına müstəqillik və milli hüquqları uğrunda mübarizədə yardım göstərmək, İKT və digər ölkələr arasında əməkdaşlıq üçün şəraitin yaradılmasından ibarətdir. Təşkilata 57 dövlət daxildir. Ali orqan dövlət başçılarının Sammiti hesab edilir.

Səfirlikdən bildiriblər ki, qarşıdakı Sammitdə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması gözlənilir.

Sammitin əsas mövzuları islam həmrəyliyi, hazırkı vəziyyətdə islam dövlətlərinə yardım, islamofobiya, Fələstin məsələsi daxildir.

Seneqalın paytaxtında keçiriləcək Sammit ərəfəsində təşkilata üzv ölkələrin XİN başçıları və ekspertlərinin görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti