Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvləri hesab edirlər ki, partiyada kadr dəyişikliklərinin aparılmasına ehtiyac var. "Hakim partiya özündə yeniləşmə aparmalıdır" çərşənbə günü jurnalistlərə YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib.
YAP icra katibinin müavini Mübariz Qurbanlı da ötən həftə Trend -a bildirib ki, partiyanın növbəti qurultayında kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir.
YAP-ın qurultayının yay aylarında keçirilməsi planlaşdırılır.
İbrahimov deyib ki, partiyanın İdarə Heyətinin bəzi üzvləri həbs olunub, bəziləri isə partiyanın işində yaxından iştirak etmir. Ona görə də partiyada islahatlar aparılmalıdır.
Ağır cinayətlərdə təqsirli bilinərək, barələrində həbs qətimkan tədbiri seçilən sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev partiyanın İdarə Heyətinin üzvlüyündən çıxarılıblar.
YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]