Azərbaycan, Bakı,20 may / Trend , müxbir R.Hafizoğlu, E.Tarıverdiyeva/ Fələstin adminstrasiyasının prezidenti Mahmud Abbasın istefasının, bu vaxtadək nəticəsiz qalan İsrail-Fələstin sülh danışıqlarının gələcək statusuna təsir ehtimalı azdır. "Mahmud Abbasın istefası "sülh danışıqlarına" təsir etməyəcək" - deyə Fələstin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir əl-Nunu Trend - a bildirib.
Fələstin adminstirasiyasının prezidenti Mahmud Abbas Misirdə mayın 17-də keçirilən Dünya İqtisadi Forumunda qarşıdakı 6 ay müddətinə İsrail və Fələstin arasında sülh əldə olunmayacağı təqdirdə, tutduğu vəzifədən istefa verəcəyini bildirib.
"İsrail və Fələstin arasında sülh danışıqları yox, sülh danışıqlarına cəhd var" - deyə, Fələstin hökumətində "Həmas" hərəkatını təmsil edən Nunu çərşənbə axşamı Qəzzədən telefonla bildirib. XİN rəsmisi hesab edir ki, Abbasın istefasının İsrail -Fələstin sülh danışıqlarına təsir edəcəyini düşünmək siyasi savadsızlıqdır. "Sülh danışıqlarının baş tutması üçün bütün tərəflərin bu danışıqlarda iştirakı və razılığı vacibdir. Eyni zamanda, tərəflər də sülh istəyində səmimi olmalıdır" - deyə Nunu bildirib.
XİN sözçüsünün fikrincə, İsrail sülh danışıqlarının baş tutmaması üçün, işğal olunmuş ərazilərdə yeni yaşayış məskənlərinin tikilişini davam etdirərək, silahlı işğal prosesini mədəni işğal müstəvisinə keçirir.
"Sülh danışıqlarının olması və bu danışıqların davam etdirilməsi haqda söylənilənlər yalandır. İşğal prosesi və yəhudilər üçün inşa edilən yaşayış məntəqələrinin tikintisini dayandırmayanadək, sülh danışıqlarını və bunun səmərəsini müzakirə etmək olmaz" - deyə o əlavə edib.
Nunu hesab edir ki, Abbas isrefa verməyəcək, sadəcə olaraq, səlahiyyətlərinin bitməsi ilə əlaqədər olaraq öz postunu təhvil verəcək.
Fələstinli müstəqil politoloq Cihad Saadi də hesab edir ki, Mahmud Abbasın istefası sülh danışıqlarına təsir etməyəcək. "Sülh danışıqları tərəflər üçün heç vaxt ciddi mahiyyət kəsb etməyib" - deyə, Saadi çərşənbə axşamı Küveytdən telefonla Trend -a bildirib.
Politoloqun fikrincə, İsrail-Fələstin sülh danışıqları, sadəcə, protokol xarakterlidir və indiyədək danışıqların heç bir səmərəsi olmayıb. "İsrailin sülh danışınları adı altında işğalı davam etdirməsi danışıqların heç bir müsbət nəticə vermədiyini bir daha sübut edir"-deyə, Saadi əlavə edib.
Politoloqun fikrincə, Abbas istefa edərsə, nə İsrail, nə də İslami Müqavimət Təşkilatı "Həmas" birbaşa ikitərəfli danışıqlara getməyəcək. Saadinin sözlərinə görə, Abbasın istefası, ya da hakimiyyətdə qalması tərəfələrin strategiyasına və gələcək fəaliyyətlərinə təsir etməyəcək. "Abbasın istefa ilə bağlı bəyanatı doğru deyil. Səlahiyyət müddəti 6 ay sonra başa çatan Abbas öz postunu təhvil verməyə məcbur olacaq"-deyə o əlavə edib.
Saadi hesab edir ki, Abbasın istefa verəcəyi haqda bəyanatının heç bir siyasi çəkisi yoxdur.
ABŞ -ın İllinoys universitetinin politoloqu Frensis Boyl (Francis Boyle) isə, hesab edir ki, Fələstin prezidenti Buş adminstrasiyasının İsrail-Fələstin sülh danışıqlarına dəstək vermməsindən məyusdur.
"Yol xəritəsi" planının uğursuzlula nəticələnməsi bir daha sübut etdi ki, Buş ərəb və müsəlman dünyasını İsrail-Fələstin sülh danışıqları ilə aldatdı. Nə Buş adminstrasiyası, nə də İsrail sülh tərəfdarı deyillər" -deyə, Boyl çərşənbə axşamı İllinoysdan Trend - a elektron poçtla bildirib.
"Abbas vaxtından əvvəl istefa etməkdənsə, səlahiyyət müddətinin başa çatmasını gözləsə yaxşıdır" - deyə, o əlavə edib.
Boylun fikrincə, Barak Obama prezident seçilsə, İsrail-Fələstin probleminin həlli və Yaxın Şərqdə sülhün olması istiqamətində daha praqmatik və məntiqli siyasət yürüdəcək.
Material hazırlanarkən İsrail tərəfəinin mövqeyini öyrənmək mümkün olmayıb.
2003- cü ildə Fələstində keçirilən prezident seçkilər nəticəsində, Mahmud Abbas səs çoxluğu ilə qalib gələrək, prezident seçilib.
2005 - ci ildə İsrail Qəzzədən hərbi qüvvələrini çıxarmaqla, İsrail-Fələstin sülh danışıqlarının ilkin mərhələsi imzalanıb.
2007-ci ilin dekabr ayında ABŞ -ın Annapolis şəhərində İsrail-Fələstin sülh danışıqlarının növbəti mərhələsi keçirilib.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.