...

Azərbaycan parlamenti seçki kampaniyası müddətini azaldıb

Siyasət Materials 2 İyun 2008 13:10 (UTC +04:00)
Azərbaycan parlamenti seçki kampaniyası müddətini azaldıb

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti seçki kampaniyası müddətinin dörd aydan 75 günə endirilməsi haqda qərar qəbul edib. Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Seçki kampaniyası müddətinin azaldılması ilə bağlı layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən hazırlanıb.

Seçki kampaniyasının dörd həftəsi seçki təbliğatına, qalan hissəsi isə namizədlərin irəli sürülməsi, imzatoplama, namizədlərin qeydiyyatına sərf olunacaq.

Parlament Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələrə ötən həftənin cümə günü başlayıb.

Parlament Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini 100 nəfər lehinə, üç nəfər əleyhinə və bir nəfər bitərəf qalmaqla qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti