...

Azərbaycan parlamenti dövlət televiziyasında prezidentliyə namizədlərin təbliğat aparmasını qadağan edib

Siyasət Materials 2 İyun 2008 13:16 (UTC +04:00)
Azərbaycan parlamenti dövlət televiziyasında prezidentliyə namizədlərin təbliğat aparmasını qadağan edib

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti dövlət televiziya (AzTV) və radiosunda prezidentliyə namizədlərin ödənişsiz təbliğat aparmasını qadağan edib. Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərin təbliğatı üçün AzTV-də həftədə 6 saat pulsuz təbliğat imkanı yaradılırdı. Efir vaxtının 3 saatı dövlət televiziyasında (AzTV), 3 saatı isə, dövlət radiosunda ayrılırdı. Eyni zamanda, dövlət tərəfindən maliyyələşdirilən qəzetlərdə namizədlərin pulsuz reklam materialları yerləşdirilirdi.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Qanuna edilən dəyişikliyə əsasən, prezident, parlament və bələdiyyə seçkiləri zamanı namizədlərin dövlətdən maliyyələşən televiziya, radio və qəzetlərdə təbliğat kampaniyası aparması qadağan olunub. Eyni zamanda, dövlət televiziya, radio və qəzetlərində ödənişli əsasda təbliğat kampaniyası aparmaq da qadağan edilib.

Namizədlərə yalnız İctimai Televiziya və Radioda (İTV) pulsuz efir vaxtı ayrılacaq. Seçkilər zamanı namizədlərə İctimai Televiziya və Radioda əvvəllər dövlət televiziyası (AzTV) və radiosunda olduğu formada pulsuz efir vaxtı ayrılacaq.

Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər özəl televiziya və radiolarda namizədlərə ödənişli efir vaxtının ayrılmasını da məhdudlaşdırıb. Dəyişikliyə əsasən, özəl televiziya və radiolarda namzədlərə efir vaxtı "Reklam haqqında" qanuna uyğun şəkildə ayrılmalıdır. "Reklam haqqında" qanuna görə, televiziyalar gün ərzində öz efirlərinin yalnız 25 faizini reklama ayıra bilərlər. Seçki Məcəlləsinin əvvəlki variantında təbliğat xarakterli reklam çarxlarının efirə verilməsi digər reklamlardan ayrılırdı.

Parlament Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini 100 nəfər lehinə, üç nəfər əleyhinə və bir nəfər bitərəf qalmaqla qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti