...

Azərbaycanda bütün tərəfləri qane edə biləcək Seçki Məcəlləsini qəbul etmək mümkün deyil-MSK sədri

Siyasət Materials 10 İyun 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Seçki Məcəlləsinə edilən son əlavə və dəyişkliklər seçkilərin demokratik keçirilməsinə təsir göstərməyəcək. "Dəyişikliklər zamanı MSK-nın təklifləri və beynəlxalq qurumların tövsiyələri nəzərə alnıb" - çərşənbə axşamı MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

Trend -un arayışı: Parlament keçən həftənin bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın 40 minə endirilməsi nəzərdə tutulur. Seçki kampaniyasinin müddəti 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Təbliğat materiallarının divarlara və obyektlərə vurulması qadağan edilib, bunun üçün xüsusi yerlər ayrılması nəzərdə tutulub. Müxalifət əlavə və dəyişikliklərdən narazı qalıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə? seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Pənahov vurğulayıb ki, seçki kampaniyasına ayrılan müddətin azaldılması təklifi onlara məxsus olmayıb. "MSK üçün müddətin azaldılmasının fərqi yoxdur" - deyən MSK sədrinin sözlərinə görə, dünyanın əksər ölkələrində kampaniyaya 2 ay vaxt ayrılır. Azərbaycanda bu müddət indiyə qədər çox idi və bir sıra ölkələrlə müqayisədə, yenə çoxdur. "Seçki kampaniyası müddətinin azaldılması hər hansı bir namizədin populyarlığına təsir edə bilməz və seçkilərin təşkili baxımından heç bir problem olmayacaq" - Pənahov əlavə edib. Namizədlər üçün depozitin ləğvinə gəldikdə isə, Pənahov vurğulayıb ki, başqa ölkələrdə depozit məsələsi yoxdur. "Şəxsən mən depozit qoyub seçkidə iştirak etmərəm. Ölkədə 5 milyona yaxın seçici var. Bu qədər seçicinin içərisindən 40 min imza toplamaq problem olmamalıdır. Hətta ikinci dərəcəli namizədlər üçün bu, problem deyil"- deyən MSK sədrinin sözlərinə görə, ümumiyyətlə, bütün tərəfləri qane edə biləcək Seçki Məcəlləsi qəbul etmək mümkün deyil, çünki hər bir tərəfin müəyyən maraqları var. Avropa Şurasının Venesiya Komissiyasının üzvü Sergey Kuznetsovun dəyişikliklərlə bağlı mətbuata açıqlamasında mənfi rəy bildirməsinə gəldikdə isə, Pənahov Kuznetsovun belə fikirlər söyləmədiyini bildirib. Onun sözlərinə görə, MSK-nın beynəlxalq əlaqələr şöbəsi Kuznetsovla əlaqə saxlayıb. Kuznetsov isə bildirib ki, Azərbaycan mətbuatına Seçki Məcəlləsi ilə bağlı rəy bildirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti