...

Gürcüstan-Abxaziya böhranından qan tökmədən çıxmaq olar – Avropanın "Crisis Group" proqramının direktoru

Siyasət Materials 9 İyul 2008 15:58 (UTC +04:00)
Gürcüstan-Abxaziya böhranından qan tökmədən çıxmaq olar – Avropanın "Crisis Group" proqramının direktoru

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Qasımova / Avropanın "Crisis Group" proqramının direktoru Sabina Freyzer Gürcüstan-Abxaziya böhranından qan tökülmədən çıxış yolu olduğunu düşünür.

"Mən qətiyyətlə əminəm ki, hazırkı gərgin vəziyyətdən davamlı və qan tökmədən insidentsiz çıxmaq olar. Hər iki tərəfin yaranmış kritik vəziyyəti həll etməsi olduqca vacibdir", - deyə çərşənbə günü "RİA Novosti"yə müsahibəsində Freyzer bildirib.

Özlərini respublika elan edən Cənubi Osetiya və Abxaziya ilə rəsmi Tbilisi arasında fikir ayrılığı son həftə hərbi qarşıdurma mahiyyəti alıb. Qali və Tsxinvalidə baş verən faciəli terror hadisələrindən sonra tanınmamış birləşmələr Tbilisini vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Tbilisi isə bu hadisələrlə əlaqəsinin olmadığını bəyan edib və öz növbəsində terror hasdisələrində Rusiyanı və qondarma rejimləri ittiham edib. Gürcüstan gərginliyin aradan qaldırılmasında və ərazi bütövlüyünün bərpa olunmasında Qərbin vasitəçiliyinə ümid edir.

Onun sözlərinə görə, eyni zamanda münaqişənin bütün iştirakçıları səbr etməlidirlər. "Tərəflər arasında danışıqların başlanması mühümdür. Tərəflər danışıqları bərpa etməsələr, çox güman ki, hər şey belə də davam edəcək", - deyə o bildirib.

Freyzer söyləyib ki, Abxaziya və Cənubi Osetiyada vəziyyət son vaxtlar əhəmiyyətli dərəcədə pisləşib. Hazırda baş verənlərdə kimin günahkar olduğunu anlamaq çox çətindir. "Buna görə BMT və ATƏT-in vəziyyəti ətraflı öyrənməsi olduqca mühümdür", - deyə o əlavə edib.

SSRİ dağıldıqdan sonra Gürcüstan SSR-nın tərkibində muxtariyyət statusuna malik olan Abxaziya və Cənubi Osetiya müstəqilliklərini bəyan etdilər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsi ilə nəticələnən silahlı münaqişədən sonra nəticəsiz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstan tərkibində geniş muxtariyyət təklif edir. Bu isə separatçıları qane etmir.

Xəbər lenti

Xəbər lenti