Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir C. Babayeva / Gürcüstanın birinci xanımı Sandra Rulofs Gürcüstana münasibətdə Rusiyanın mövqeyinin dəyişəcəyinə ümid edir. "Gürcüstan bütün qonşu ölkələrlə sülh şəraitində yaşamaq istəyir", - deyə şənbə günü Bakıda jurnalistlərə Rulofs bildirib.
Onun sözlərinə görə, Mixail Saakaşvili Gürcüstan xalqı tərəfindən prezident seçilib. "Bu seçkilər bütün dünyada demokratik qəbul olunub. Biz Rusiyanın Saakaşvilini nə üçün qəbul etmədiyini anlamırıq. O, Gürcüstanda demokratiya yaratmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək istəyir, lakin bu, Rusiyanın maraqlarında deyil", - deyə Rulofs bildirib.
Gürcüstanın birinci xanımı qeyd edib ki, Gürcüstanda növbəti prezident seçkisinədək Saakaşvili öz xalqı üçün daha çox şey edəcək.
Gürcüstan - Rusiya münasibətləri avqustun 8 -nə keçən gecə tanınmamış
Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatların başlanmasından sonra gərginləşib. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 25 - də Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb.
Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycanda iki günlük səfərdədir.
O, səfər çərçivəsində "Vərəmi dayandıraq" Qlobal Əməkdaşlıq Hərəkatının nümayəndələri ilə görüş keçirib. Rulofs Hərəkatın səfiridir.
Gürcüstanın birinci xanımı Azərbaycanın Səhiyyə Nazirliyinin rəhbərliyi ilə də görüş keçirib və Vərəm Mərkəzinə baş çəkib.
Rulofs Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend