...

Ankara İran - Qərb münasibətlərində kompromis yarada bilər

Siyasət Materials 22 Oktyabr 2008 11:05 (UTC +04:00)
Ankara İran - Qərb münasibətlərində  kompromis yarada bilər

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbirlər B. Həsənov, T. Cəfərov, D. İbrahimova/BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilən Türkiyə Qərblə Tehran arasında, İranın nüvə proqramı ilə bağlı yaranmış problemlərin həllində böyük ümidlər vəd etsə də, bu məsələdə ABŞ və İranın mövqeyi həlledici olacaq.

"İranın nüvə proqramı ilə bağlı Tehranla qərb ölkələri arasındakı danışıqlarda təkcə Türkiyənin səyləri yox, ABŞ və İranın konstruktiv mövqe tutmaları və bu məsələdə hansısa gizli planlarının olmaması vacibdir"- deyə Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun rəhbəri Sedat Laçıner bazar ertəsi Trend -a telefonla bildirib.

Türkiyə oktyabrın 17-də BMT-də keçirilən seçkilərdə bu qurumun Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilib. Türkiyənin xarici işlər naziri Əli Babacan İranın nüvə proqramı məsələsində Qərblə İran arasındakı problemlərin həlli üçün göstərdikləri vasitəçilik missiyasına bundan sonra daha çox əhəmiyyət verəcəklərini deyib. Bu barədə oktyabrın 18 - də CNN TURK məlumat verib

Təhlükəsizlik Şurası BMT-nin ən güclü orqanıdır. Bu orqanın əsas vəzifəsi BMT-yə üzv olan ölkələr arasında təhlükəsizliyi və sülhü təmin etməkdir. BMT Təhlükəsizlik Şurası 15 ölkə ilə təmsil olunur. Onlardan 5 ölkə, ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə daimi üzvlərdir. Yerdə qalan 10 üzv isə, iki ildən bir BMT-yə üzv olan ölkələr tərəfindən seçilir. Türkiyə son vaxtlarda beynəlxalq aləmdə öz siyasi rolunu artırmaq niyyətindədir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə, Türkiyənin, bu niyyətini həyata keçirə bilməsi üçün, yaxşı imkanlar əldə edəcəyi gözlənilir.

Türkiyənin həm İranla, həm də Qərb ölkələri ilə yaxşı əlaqələrinin olması bu ölkənin İran və Qərb ölkələri arasındakı danışıqlarda mühüm rol oynayacağına böyük ümidlər yaradır. Həm region ölkəsi və Şərq-İslam ölkəsi olması, həm də Qərb mədəniyyəti və Avropa İttifaqı ilə geniş əməkdaşlıq etməsi, Türkiyənin əsas üstünlüklərindən sayılır. Beynəlxalq məsələlər üzrə iranlı ekspert, Tehran Universitetinin siyasi elmlər doktoru Əhməd Cansız İranın indiki şəraitdə Türkiyədən daha çox şey gözlədiyini bildirib. "Tehran Türkiyənin vasitəçilik missiyasına, iki ölkənin müsəlman və müştərək mədəniyyətə malik olmasına görə, çox əhəmiyyət verir", - deyə Cansız əlavə edib.

Lakin İranlı ekspertin fikrincə, Ankaranın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dialoq məsələsində əsaslı dəyişikliklərə səbəb olacağı inandırıcı deyil.

"Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv olması İranla qərb ölkələri arasındakı müzakirələrin istiqamətinə ciddi təsir etməyəcək. Türkiyə Qərb ölkələri ilə müttəfiq olduğundan, beynəlxalq məsələlərdə müstəqil hərəkət edə bilmir və BMT Təhlükəsizlik Şurasında da müstəqil mövqe bildirə bilməyəcək,"- deyə Cansız bazar ertəsi telefonla Trend - a bildirib.

Türkiyəli ekspert Laçıner bildirib ki, BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ilə Türkiyənin rəyi daha çox nəzərə alınacaq. "Bu üzvlük Türkiyə vasitəsilə Tehranın Qərbdə, Qərbin isə İranda daha yaxşı təmsil edilməsinə böyük imkanlar yaradacaq",- deyə ekspert bildirib.

Laçıner, BMT Təhlükəsizlik Şurasında İran əleyhinə bir qərar gündəmə gələcəyi təqdirdə, Türkiyənin beynəlxalq hüququn tələblərinə əsasən mövqe bildirəcəyini deyib.

Onun sözlərinə görə, Türkiyə İrana hərbi müdaxilənin qəti əleyhinədir.

Laçıner onu da qeyd edib ki, Təhlükəsizlik Şurasında Ankaranın veto hüququ olmadığından, İran əleyhinə qəbul edilə biləcək Qətnamələrə ciddi təsir göstərə bilməyəcək. Ekspert hesab edir ki, Təhlükəsizlik Şurasında İran əleyhinə qərarlar gündəmə gələrsə, Türkiyə İranla Qərb arasında barışdırıcı mövqedən çıxış edəcək.

Berlindəki Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu Yaxın Şərq Departamentinin direktoru, almaniyalı ekspert Yohannes Reisner (Johannes Reissner) isə, İran- Qərb dialoqunun nəticəsinin, əsasən, ABŞ və İrandan asılı olacağını hesab edir.

"İranın nüvə proqramı ilə bağlı danışıqlar Vaşinqtonla Tehranın əməkdaşlığa göstərdikləri səylərdən asılı olacaq", - deyə Reisner bazar ertəsi telefonla Trend - a bildirib.

Türkiyə İranın nüvə proqramı ilə bağlı vasitəçilik missiyasına 2006 - cı ilin əvvəllərindən başlayıb. Türkiyə İran ilə Qərb dövlətləri, xüsusilə də ABŞ arasındakı problemlərin həllində maraqlı olan bir ölkədir. İranla 20 milyard dollar ticarət dövriyyəsi olan və İran qazından asılı Türkiyə bu ölkəyə hərbi müdaxilənin əleyhinə çıxış edir.

"Türkiyə İranla Qərb ölkələrri arasında vasitəçilik rolunu lazımi səviyyədə həyata keçirə biləcıyini artıq sübut edib"- deyə Laçıner bildirib.

Xəbər lenti

Xəbər lenti