...

Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin yeni bazasının açılışında iştirak edib

Siyasət Materials 8 Noyabr 2008 19:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev, noyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin yeni bazasının açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirdi ki, Sahil mühafizəsinin yeni bazası prezidentin fərmani ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" çərçivəsində yaradılıb.

Bazanın inşasına 2007-ci il iyunun 29-da başlanılıb. Bazaya komanda idarəetmə mərkəzi, təlim-tədris mərkəzi, Heydər Əliyev muzeyi, klub, yeməkxana, vertolyot meydanı, gəmi təmiri emalatxanası, dənizdə təlim poliqonu, yanalma körpüləri, yaşayış kompleksi daxildir.

Yeni baza Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində nəzarətin daha da gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinin təmin olunmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev bazanın tədris mərkəzində kütləvi qırğın silahlarından müdafiə, rabitə, xarici dil, xüsusi sərhəd hazırlığı və baxış qrupunun hazırlığı otaqlarına baxdı.

Sonra Azərbaycan Prezidenti bazanın ərazisində yüksək keçid imkanlarına malik, müasir cihazlar quraşdırılmış avtomobillərlə, minaları zərərsizləşdirən qurğularla, daşınan radiolokasiya stansiyaları və sualtı üzmə vasitələri ilə tanış oldu.

Ali baş komandan daha sonra Sahil mühafizəsinin yaşayış kompleksinə gəldi. Kiçik şəhərciyi xatırladan kompleksdəki yaşayış binalarının hər birində mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 18 mənzil var.

Ali baş komandan Sahil mühafizəsinin vertolyot meydanı, heyətin xüsusi dəniz hazırlığı üzrə poliqonu, yanalma körpülər və hidrotexniki qurğularla da tanış oldu.

Azərbaycan prezidenti bazada görülən işləri yüksək qiymətləndirdi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti