Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Cümə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvilinin görüşü baş tutub.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı qeyd edilib, ikitərəfli və beynəlxalq əməkdaşlıq baxımından, Bakıda enerji sammitinin keçirilməsinin əhəmiyyəti haqqında danışılıb.
Bu gün, həmçinin, Azərbaycan prezidentinin Polşa prezidenti Lex Kaçinski ilə görüşü baş tutub. Görüşdə ölkələrin ikitərəfli münasibətlərinin inkişafından razılıq ifadə edilib, qarşılıqlı münasibətlərin möhkəmlənməsində dövlət başçılarının görüşlərinin əhəmiyyəti qeyd olunub.
Enerji sammitinə toxunan prezidentlər ölkələr arasında münasibətlərin inkişafını yüksək, enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.